Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Höccətül-İslam vəl-müslimin Seyid Müfid Hüseyni Kuhsari Beynəlxalq Qurani-Kərim sərgisinə səfəri çərçivəsində Elmi hövzələrin media və virtual məkan mərkəzinin stendində iştirak edərək Hövzə Xəbər Agentliyinin müxbirinə müsahibə verib.
Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini müsahibədə müasir dünyada Qurani-Kərimin əhəmiyyətinin müxtəlif aspektlərinə, o cümlədən onun dini və elmi diplomatiyadakı mövqeyinə toxunub.
Quran bütün din və məzhəblərin ortaq nöqtəsidir
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari bildirib ki, Qurani-Kərim təkcə İslam aləmində səmavi kitab kimi deyil, eyni zamanda dünyada iki milyarddan çox insanın iman gətirdiyi ilahi kitab olaraq bütün din və məzhəblərin diqqət mərkəzindədir. O, qeyd edir ki, dini fərqliliklərə baxmayaraq, bu səmavi kitab bəşəri dəyərləri özündə birləşdirən mühüm mənbə kimi beynəlxalq dialoq və elmi mübadilə üçün ortaq platforma rolunu oynayır.
Quran dünya elm və tədqiqat mərkəzlərinin diqqətində
Beynəlxalq məsələlər üzrə müavin həmçinin əlavə edib ki, Qurani-Kərim qlobal miqyasda çoxsaylı araşdırma və tədqiqatların əsas mənbəyidir və həmçinin universitetlər, elmi-tədqiqat və akademik mərkəzlər tərəfindən geniş şəkildə öyrənilir. Bu baxımdan Quran təkcə din diplomatiyasında deyil, həm də elmi və akademik diplomatiyada mühüm və əsas rol oynayır.
İran İslam Respublikasının Qurani-Kərim təfsirində xüsusi mövqeyi və elmi hövzələrin potensialı
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari iranlı alimlərin Qurani-Kərimin təfsiri sahəsində xüsusi yerinə toxunaraq bildirib ki, şiələr və Əhli-beyt (ə) davamçıları arasında İran və elmi hövzə alimləri dünya səviyyəsində Qurani-Kərim təfsirinin ən mühüm mərkəzlərindən biri kimi tanınır. O, nümunə olaraq Ayətullah Cavadi Amulinin təxminən 80 cilddə qələmə aldığı “Təsnim təfsiri” kitabını nümünə olaraq göstərərək bildirib ki, bu kitab İslam dünyasında və hətta onun hüdudlarından kənarda böyük marağa səbəb olub.
O, çıxışının davamında vurğulayaraq bildirib ki, son illərdə Qurani-Kərimə diqqət və onun beynəlxalq müstəvidə mərkəzi mövqeyinin gücləndirilməsi elmi hövzələrin əsas prioritetlərindəndir və bu böyük potensial dünya miqyasında Quran diplomatiyasının inkişafı istiqamətində daha geniş şəkildə dəyərləndirilməlidir.

Beynəlxalq müstəvidə mühüm prioritetlər
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari bildirib ki, son illərdə Qurani-Kərimə və onun təfsir irsinə xüsusi diqqət elmi hövzələrdə əsas prioritet kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, Qurani-Kərimin universal və dinlərarası mənbə kimi təqdim olunması istiqamətində ciddi səylər göstərilib.
İran İslam Respublikası Fələstin və Qəzza xalqına dəstək göstərməkdə qabaqcıl mövqe daşıyır
Elmi hövzələrin beynəlxalq məsələlər üzrə müavini İran İslam Respublikasının beynəlxalq arenadakı xüsusi mövqeyinə toxunaraq bildirib ki, İran daim Fələstin və Qəzza xalqına dəstək verən və öz mövqeyini açıq şəkildə ifadə edən ölkə olub.
O, qeyd edib ki, “Əl-əqsa tufanı” zamanı Fələstin xalqını sadiq və açıq şəkildə müdafiə edən yeganə ölkə İran olubdur. Bu mövqeyinə görə İran ciddi təzyiqlərlə üzləşib və Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə qarşı dayanıb.
O, əlavə edib ki, son on iki günlük düşmən təxribatı və qlobal hegemon güclərin siyasətlərinə qarşı müqavimət fonunda İran dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilib. Son aylarda İranla bağlı xəbərlər qlobal informasiya gündəminin ön sıralarında yer alıb və bu da bir çox insanın İslam İnqilabının ideoloji əsaslarını öyrənməyə maraq göstərməsinə səbəb olub. Bir çoxları sual edir ki, İran İslam Respublikası hansı düşüncə və prinsiplərə əsaslanır ki, qlobal hegemonluğa qarşı bu cür möhkəm müqavimət nümayiş etdirir.
Quran diplomatiyası: İran İslam Respublikasının hazırkı böhranlı dövrdə məsuliyyəti
Beynəlxalq məsələlər üzrə müavin hazırkı şəraitdə Quran diplomatiyasının əhəmiyyətinə toxunaraq bildirib ki, İran İslam Respublikasının qlobal mövqeyi bu sahəni ölkənin əsas prioritetlərindən birinə çevirib. Bu mövqe beynəlxalq səviyyədə məsuliyyəti artırır və daha geniş və daha sürətli fəaliyyət tələb edir. Onun sözlərinə görə, bu istiqamətdə İran İslam Respublikası tərəfindən müxtəlif Quran yönümlü sahələrdə genişmiqyaslı fəaliyyətlərə başlanılıb.

Elmi hövzələrin Quran maarifi üzrə beynəlxalq fəaliyyətləri
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari elmi hövzələrin Qurani-Kərim istiqamətində beynəlxalq fəaliyyətlərinə toxunaraq bildirib ki, Quran diplomatiyasının genişləndirilməsi məqsədilə çoxsaylı layihələr həyata keçirilir. Bu fəaliyyətlərdən biri Qurani-Kərimin imkan və məzmununun müxtəlif dillərdə təqdim edilməsi, beynəlxalq səviyyədə Quran mövzusunda məqalə və kitabların nəşridir. Bu sahədə mühüm elmi göstəricilər və indekslər hazırlanıb, təsirli addımlar atılıb.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari əlavə edib ki, digər mühüm istiqamətlərdən biri də elmi hövzələrin beynəlxalq müstəvidə daha fəal iştirakı üçün rəqəmsal sistem və platformaların yaradılmasıdır. Hazırda beynəlxalq Quran təşkilatlarının qeydiyyatı və müxtəlif Quran fəaliyyətlərinin sistemləşdirilməsi ilə bağlı layihələr icra mərhələsindədir.
O, davam edərək bildirib ki, icra olunan əsas layihələrdən biri də beynəlxalq səviyyədə elmi və mədəni təsir yaratmağı hədəfləyən Quran əsaslı tədqiqat proqramlarının hazırlanması və həyata keçirilməsidir. Bu layihələr beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində, müxtəlif cəmiyyətlərdə Qurani-Kərim anlayışlarının təşviqi məqsədilə gerçəkləşdirilir.
Elmi hövzə ustadı vurğulayıb ki, İran İslam Respublikası Quran təlimlərinə əsaslanaraq beynəlxalq proseslərdə mühüm rol oynayır. İran göstərib ki, Fələstin və Qəzza xalqına dəstəkdən tutmuş qlobal səviyyədə geniş Quran fəaliyyətlərinə qədər Quran diplomatiyası İslam İnqilabının prinsiplərinin izahı və qlobal hegemonluğa qarşı müqavimətin gücləndirilməsi baxımından təsirli vasitədir.
Elmi hövzələrin Beynəlxalq Kompleksinin mühüm missiyaları
Höccətül-İslam Hüseyni Kuhsari elmi hövzələrin Beynəlxalq Kompleksinin əsas vəzifələrinə də toxunaraq bildirib ki, hazırda bu quruma həvalə olunan əsas istiqamətlərdən biri Quran fəaliyyətləridir. Bu fəaliyyətlərə beynəlxalq Quran konfrans və seminarlarının təşkili, mötəbər beynəlxalq mərkəzlərlə Quran dialoqlarının aparılması, müxtəlif ölkələrlə birgə Quran assosiasiyalarının yaradılması daxildir.
O əlavə edib ki, hazırda bir neçə ölkə ilə birgə Quran maariflərinin yaradılması gündəmdədir və yaxın gələcəkdə bu təşəbbüslərin reallaşacağı gözlənilir.
Quran sərgilərində və ixtisaslaşmış kurslarda fəal iştirak
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari elmi hövzələrin Beynəlxalq Kompleksinin sərgi fəaliyyətlərinə də toxunaraq bildirib ki, həm ölkədaxili, həm də beynəlxalq səviyyədə sənət və Quran sərgilərində fəal iştirak proqramlarının həyata keçirilməsi prioritetdir. Bu sərgilərdə əməkdaşlar fəal iştirak edərək təcrübə mübadiləsi aparır və elmi görüşlər keçirirlər.
O, həmçinin təkid edərək bildirib ki, bu fəaliyyətlərlə paralel olaraq beynəlxalq mərkəzlərlə birgə Quran maarifi üzrə ixtisaslaşmış kurslar və seminarlar təşkil edilir. Bu kurslar Quran maariflərinə maraq göstərən şəxslərin elm və tədris səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilir.
Beynəlxalq nüfuzlu ensiklopediyalarda Quran elmlərinin araşdırılması və inkişafı
Elmi hövzələrin Beynəlxalq məsələlər üzrə müavini Quran elmlərinin yayımı sahəsində mövcud problemlərə diqqət çəkərək bildirib: Əsas məqsədlərdən biri elmi hövzələrin və görkəmli müəllimlərin araşdırmalarını beynəlxalq səviyyədə etibarlı ensiklopediya və mənbələrə daxil etməkdir ki, tədqiqatçı və araşdırmaçılar bu biliklərdən faydalana bilsinlər. Təəssüf ki, hazırda çoxlu kitab və mənbələrimiz əsasən fars dili və İranın coğrafi sərhədləri ilə məhdudlaşır.
O əlavə edib ki, bu əsərlərin beynəlxalq səviyyədə və müxtəlif dillərdə tərcüməsi və yenidən təqdim edilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə Qurani-Kərim maarifinin sürətli yayımı üçün süni intellekt və müasir proqram təminatından geniş istifadə edilir.
Höccətül-İslam vəl-müslimin Hüseyni Kuhsari mövcud boşluqlara da diqqət çəkərək bildirib ki, hazırda Quran maariflərinin dünyaya təqdim olunması sahəsində ciddi problemlər mövcuddur. Bir çox araşdırmalar və Quran elmləri sahəsindəki nailiyyətlər hələ də coğrafi sərhədlərimizdən kənara çıxmayıb. Lakin biz qərara almışıq ki, əlavə səylərlə bu boşluqları aradan qaldıraq.
Xəbərin sonu
Rəyiniz